ABŞ-ın Ukraynadakı sabiq səfiri Mari Yovanoviç öz təhlükəsizliyinə görə narahatdır

ABŞ-ın Ukraynadakı sabiq səfiri Mari Yovanoviç Prezident Trampın impiçmenti prosedurunun icrasının mümkünlüyü üzrə dinləmələr çərçivəsində noyabrın 15-də Konqresdə ifadə verib.

Asmedia.org xəbər verir ki, bir neçə saat davam edən dinləmələrdə Yovanoviç Prezident Trampın və onun müttəfiqlərinin Ukraynaya və Co Baydenə münasibətdə addımları ilə bağlı qanunvericilərin çoxsaylı suallarına cavab verib. O deyib ki, Ukrayna və ABŞ prezidentlərinin 25 iyul tarixli qalmaqallı söhbətinin bu ilin sentyabrında açıqlanmış stenoqramını oxuyandan sonra təşvişə düşüb. Stenoqrama görə, Prezident Tramp Prezident Zelenskiyə deyib ki, Mari Yovanoviç pis işləyib və “o, bəzi nəticələrlə üzləşməli olacaq”. Keçmiş səfir bu bəyanatı təhdid kimi qəbul edib. O bildirib ki, bu sözlər onu qorxudur. İki prezidentin telefon danışığında Tramp onu “bədxəbər” də adlandırıb.

Bu, səfirin Konqres dinləmələrində ikinci çıxışıdır. Birinci dinləmə oktyabrın əvvəlində qapalı keçirilib. Onda Yovanoviç Prezidentin fəaliyyəti ilə bağlı ilk ifadəsini verib. Amerika KİV-lərinin yazdığına görə, o vaxt səfir bildirib ki, Trampın şəxsi vəkili Rudi Culiani onun nüfuzuna kölgə salmağa çalışıb. Bundan əlavə, Yovanoviçin sözlərinə görə, ABŞ-ın Avropa İttifaqındakı daimi nümayəndəsi Qordon Sondland ona əgər öz işini saxlamaq istəyirsə, “Twitter” səhifəsində Donald Trampın ünvanına tərifli sözlər yazmağı məsləhət görüb. Amerika KİV-ləri yazır ki, səfir onunla bağlı çoxsaylı şikayətlərə və Trampın Prezident Zelenskini keçmiş vitse-prezident Co Bayden və onun oğlu Hanter barəsində araşdırmaya başlanmasına inandırmaq cəhdlərinə mane olduğuna görə ABŞ Prezidenti tərəfindən geri çağırılıb.

Prezident Trampın tərəfdarları Yovanoviçi bunda ittiham edirlər ki, o, Ağ Evin başçısına tez-tez böhtan atıb və Ukraynada korrupsiyanı hər vəchlə ört-basdır etməyə çalışıb. Trampın özü də bu barədə dəfələrlə danışıb. Görünür, prosesin gedişini müşahidə edən Tramp dinləmələr zamanı “Twitter” səhifəsində yazıb: “Mari Yovanoviçin olduğu bütün yerlərdə işlər pis gedib”. Konnektikut ştatından demokrat konqresmen Cim Hayms Trampın addımlarını “şahidə növbəti dəfə təzyiqlər etmək cəhdi” adlandırıb. Elə bunun özü də Prezidentin impiçmenti üçün əsas ola bilər.

İmpiçment işi üzrə araşdırmanın mərkəzində Trampın Ukrayna Prezidenti Zelenski ilə telefon danışığı dayanır. Demokratlar Prezidenti bunda ittiham edirlər ki, o, hərbi ehtiyaclar üçün Ukraynaya maliyyə yardımını müvəqqəti dayandırıb və bu ilin iyulunda baş tutmuş telefon danışığı zamanı, ehtimal ki, Ukrayna Prezidenti Vladimir Zelenskini sabiq vitse-prezident Co Bayden və vaxtilə Ukraynanın qaz şirkətində işləmiş oğlu Hanter barəsində araşdırma aparılmasına vadar etməyə çalışıb.

Co Bayden Demokratlar Partiyasından 2020-ci il prezident seçkilərinə namizədliyə aparıcı iddiaçılardan biridir. Tramp sonunda Ukraynaya maliyyə yardımını bərpa edib, lakin müstəntiqlər bu iki addım arasında əlaqənin olub-olmadığını bilmək istəyirlər, çünki bir çoxları belə bir əlaqəni prezident hakimiyyətindən sui-istifadə kimi qiymətləndirərdi.

Mari Yovanoviç təqribən 3 il (2016-cı ilin avqustundan 2019-cu ilin mayınadək) ABŞ-ın Ukraynadakı səfiri vəzifəsində işləyib.

AZƏRTAC

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əhilləşdirdiyi it hərbçini öldürdü

Şb Noy 16 , 2019
Avsrtiyada çoban iti hərbçini öldürüb. 31 yaşlı hərbçi Vyana yaxınlığında “Wiener Neustadt” kazarmasında 2017-ci ildən bəri itləri əhilləşdirib. Hadisə baş verən gün kazarmada iki çoban iti ona hücum ediblər. Ölümcül yaralanan hərbçini itlərin damında tapıblar. Daxili İşlər Nazirliyindən verilən xəbərdə, itlərin birinin xidmət üçün hazır olduğu, digərinin isə, hələ məşq keçdiyi […]