Azərbaycan-Rusiya strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

Oktyabrın 4-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubu çərçivəsində keçirilən  Azərbaycan və Rusiya prezidentlərinin görüşündə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinə yüksək qiymət verilib və əlaqələrin yüksək inkişaf dinamikası ilə davam etdirildiyi vurğulanıb. Bildirilib ki, prezidentlərin şəxsi görüşlərində və əlaqələrində müəyyən fasilə olmasına baxmayaraq qəbul olunmuş istiqamətlər üzrə işlər öz qaydası ilə irəliləyib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin xüsusi qeyd edib ki, 2018-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektiv planlar mövcuddur. Rusiya Prezidenti həmin perspektiv planların müəllifinin məhz Azərbaycan Prezidenti İlham Əliyev olduğunu da vurğulayıb.

Qeyd etmək lazımdır ki, Rusiya ilə Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələri yüzillərə söykənir. Sovet İttifaqı dövründə yetmiş il eyni dövlətdə yaşayan bu ölkələr arasında qırılmaz əlaqələr yaranıb və bu gün də davam etməkdədir. Hazırda iki milyondan artıq soydaşımız bu ölkədə yaşayır. Onların bir çoxu Rusiya vətəndaşlığı alaraq dost ölkədə yaşayır və işləyirlər.  Biz bu gün dünyada cəmi bir neçə ölkəyə vizasız gedib-gələ bilirik ki, onlardan da biri məhz Rusiyadır. Ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz, elmimiz və iqtisadiyyatımız bizi sıx tellərlə birləşdirib. Heç bir ölkədə Azərbaycandakı qədər rusdilli təhsil ocaqları yoxdur. Bütün bu və digər faktlar sübut edir ki, Rusiya Federasiyası həm qonşumuz, həm dostumuz, həm də strateji tərəfdaşımızdır. Azərbaycanlılar Rusiyada özlərini öz vətənlərində olduğu kimi azad və sərbəst hiss edirlər. Azərbaycanda yaşayan  ruslar da eynilə doğma mühitdə yaşayırlar.

Soçidə keçirilən görüşdə Rusiya Federasiyasının  Prezidenti bildirib ki, Azərbaycan rəhbərliyinin  irəli sürdüyü təşəbbüslər və  iqtisadi layihələr Rusiya tərəfindən qəbul edilir və dəstəklənir. Həmin təşəbbüslərin və iqtisadi layihələrin həyata keçirilməsi üçün Rusiya tərəfi özündən asılı olan bütün  məsələləri həll edir və edəcəkdir. Artıq həmin məsələlərin  üzərində hökumətlərarası komissiya  işləyir və işlər kifayət qədər sürətlə irəliləyir.

“Valday” Beynəlxalq Diskussiya Klubunda aparılan diskussiyanı yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər keçirdikləri görüşlərin əhəmiyyətindən söz açaraq bildirib ki, həmin görüşlərin nəticəsi olaraq Azərbaycan-Rusiya strateji tərəfdaşlığının səviyyəsi daha da yüksəlib. Dövlətimizin başçısı deyib: “Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.”

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan rəhbərliyinin mövcud status-kvonu uzatmağa çalışması, münaqişənin həllində maraqlı olmadığı, əksinə, sülh danışıqlarını pozmağa yönələn hərəkətləri pislənib. Digər sahələr – investisiya qoyuluşu, hərbi və hərbi-texniki, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlıq barədə müzakirələr aparılıb.

Ümumilikdə belə nəticəyə gəlmək olar ki, bu gün  Rusiya Federasiyası Azərbaycan  üçün ən mühüm tərəfdaş, dost və mehriban qonşudur. Rusiya  dünyada azərbaycanlıların ən çox məskunlaşdığı, yaşayıb-işlədiyi dost ölkədir. Bu baxımdan “Valday” Beynəlxalq Diskussiya Klubu çərçivəsində  keçirilən görüş müstəsna əhəmiyyətə malikdir. Şübhəsiz, biz yaxın zamanda bu görüşün müsbət  nəticələrini görəcəyik.

Vəli İlyasov, “İki sahil”

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

On ölkənin vəkilləri Bakıda toplaşdı

C Okt 4 , 2019
Oktyabr ayının 4-də “Marriott Abşeron” Bakı mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsi, […]