Bakıda 600 yerdə dayanacaq yerinin müəyyənləşməsi ciddi rəqəmdir

Xəbər verildiyi kimi, sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin (BNA) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Məlumat verilib ki, paytaxtın yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün lazımi şərait yaradılıb.

Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. Hazırda velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində, ümumilikdə, 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.

Dövlət başçısı İlham Əliyev şəxsən paytaxtda parklanmanın vəziyyəti ilə maraqlanıb. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli ölkə rəhbərinin diqqətinə çatdırıb ki, şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.

Bəs ümumilikdə paytaxtdakı parklanmanın real vəziyyətini qənaətbəxş saymaq olarmı və bununla bağlı hansı işlərin görülməsi zəruridir?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, parklanma ilə bağlı məsələyə yanaşma birmənalı deyil: “Biz sosial şəbəkələrdə apardığımız müşahidələrdən görürük ki, daha çox avtomobil sahibi olan vətəndaşlarımız parklanma ilə bağlı vəziyyətdən narazılıq ifadə edirlər. BNA cərimələr tətbiq etməklə tıxacların qarşısını almağa çalışır. Vətəndaşlar isə alternativ variantın, yəni uyğun yerlərdə dayanacaqların olmadığından şikayətlənirlər. Biz onu da başa düşürük ki, nəqliyyat vasitəsini harada gəldi saxlamaq olmaz. Elə küçələr var ki, orada bir zolaqda belə avtomobillərin saxlanması tıxaclara səbəb olur. Bəlli məsələdir ki, dayanma-durma məsələləri ilə bağlı prosesin nəzarətdə olduğu qənaətinə gəlirik. Çünki cənab Prezidentlə söhbətində də Vüsal Kərimli 600 belə yerin hazırlandığını bildirdi”.

Ə.Hüseynovun sözlərinə görə, bu layihə icra olunsa, təbii ki, tıxaclarla bağlı məsələ müəyyən dərəcədə həllini tapar: “Çünki Bakıda 600 yerdə dayanacaq yerinin müəyyənləşməsi ciddi rəqəmdir. Məsələ birbaşa Prezidentə məruzə olunub, ona görə də bu məsələ tezliklə öz həllini tapacaq. Yəni, 600 dayanacağın böyük hissəsi tezliklə istifadəyə veriləcək. Belə ki, bu problemlər kompleks şəkildə həllini tapmalıdır. Hələ dayanma üçün yerlərin qiymətləri də tam müəyyənləşməyib. Əsas odur ki, prosesə start verilib və ümidvarıq ki, məntiqi sonluqla yekunlaşacaq. Hətta dayanma-durmanı qadağan edən nişanlarla da bağlı monitorinqin aparılmasına ehtiyac var. Bəzən onlar lazımi yerdə quraşdırılmır, bəzən isə quraşdırılan yerdə təsir gücünə malik olmur. Keçirilən tədbirdən gördük ki, ortada bu problemin həllində maraqlı olan güclü siyasi iradə də var”.

Cavid Əkbərov, “İki sahil”

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aqrar sahənin inkişafı strateji məqsəddir

Şb Sen 28 , 2019
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində aqrar sektor da keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Konkret rəqəmlərə müraciət edək. Bu il ümumilikdə ölkə üzrə 3 milyon 228 min 330 ton taxıl toplanıb ki, bu da ötən  illə müqayisədə 200 min ton artıqdır. Cari ilin 8 ayında kənd təsərrüfatının […]