İrəvan Bakıda məğlub oldu

Ötən əsrin 90-cı illərinin sonlarında Qoşulmama Hərəkatı “canlı ölü”nü xatırladırdı. Çox siyasətçilər bu qurumun bipolyar dünyanın relikti, qalığı qismində dünyanın siyasi arenasından yox olacağını deyirdilər.

“Üçüncü dünya” ölkələrinin dalbadal müstəmləkəçilikdən qurtulduğ bu 1950-1960-cı illərdə dünya xəritəsində onlarla yeni ölkə peyda oldu. İnqilablar və milli-azadlıq hərəkatlarının çılğın dönəmi ilə müqayisədə “ərəb inqilabı” və ya “narıncı inqilab” ssenariləri uşaq oyuncaqları sayıla bilər.

Yuqoslaviyadan olan sosialist Josip Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumanın əsasını qoyduqları Qoşulmama Hərəkatı o illərdə yarandı.

Lakin Bakıdakı 18-ci Zirvə Görüşündə, sanki, “dirildi”.

Qoşulmama Hərəkatının (Non-Alignment Movement, NAM) Bakıda keçirilən XVIII Zirvə Görüşündə Yekun Sənədə ilk dəfə olaraq mühüm yeni bənd daxil edildi.

Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Ermənistan NAM-ın Bakı sammitinə qatılmamışdı.

İrəvandakı siyasətçilər, xüsusilə də ekspertlər, analitiklər və müxalifətçilər Ermənistanın baş naziri Nikol Paşinyanı buna görə sərt tənqid edirlər.

Məsələn, Ermənistan Respublika Partiyasının sədr müavini, sabiq deputat Armen Aşotyanın fikrincə, İrəvan Bakıda ciddi məğlubiyyətə düçar olub.

“Bakıdakı forumun nəticələrindən biri Azərbaycanın Qoşulmama Hərəkatına bundan sonrakı üç il ərzində sədrlik etməsidir. Azərbaycan hakimiyyəti buna illərlə hazırlaşırdı, çünki Qoşulmama Hərəkatı Bakı üçün dünya birliyində mövqelərini bəyan etmək üçün çox güclü platformadır. 60-dan artıq ölkənin dövlət və hökumət başçıları Bakıdakı tədbirə qatıldılar”, – A.Aşotyan deyib.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin forumdakı çıxışının əsas hissəsini Dağlıq Qarabağ münaqişəsinə və ölkəmizin ərazilərinin 20 faizinin hələ də erməni işğalında olmasına, rəsmi İrəvanın aqressiv işğalçı siyasət yürütməsinə həsr etməsi də erməniləri bərk narahat edib.

Ermənistan NAM-da müşahidəçi statusuna malik olsa da, rəsmi İrəvan foruma nümayəndələrini yollamamışdı. Ermənistan XİN-nin yaydığı bəyanata görə, İrəvan “forumda iştirakı qənaətbəxş saymır”.

Ermənistanın baş naziri Nikol Paşinyanla bahəm, parlamentin spikeri, Milli Təhlükəsizlik Şurasının sədri də beynəlxalq forumlarda və görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diskussiyalardan çəkinməyə başlayıblar.

Səbəblər var və onlar sadədir: Ermənistan tərəfi hər dəfə məğlub olur, arqumentlər qarşısında gücsüz qalır, dalana dirənir.

Bununla yanaşı, Ermənistanın hakimiyyət mənsubları artıq dünya mediasında da uduzurlar.

Məsələn, Ermənistanın XİN başçısı Zöhrab Mnaskanyan BBC telekanalındakı “HardTalk” proqramında aparıcı Stiven Sakurun sualları qarışısında mağmın görkəm almışdı. Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır!” marazmının beynəlxalq hüquqa və bütün prinsiplərə zidd olduğunu vurğulayan Sakur erməni nazirin “virtual edam”ına nail olmuşdu.

QH üçüncü dövlətlərin səslərini müdafiə edən platformadır. Beynəlxalq siyasətdə qütbləşmənin dərinləşdiyi bir vaxtda (əvvəllər bu, ABŞ və SSRİ idisə, hazırda bir neçə qütbləmə mövcuddur), kiçik və zəif dövlətlər bu qütbləşmənin tərəflərindən birini seçməklə ya proksi qüvvələri kimi ikiqütblü müharibələrin piyadasına çevrilir, ya da təbii sərvətləri qütblərin savaşında xərclənir, ərazilərindən hərbi baza kimi istifadə olunur və nəhayət, azacıq ianə müqabilində güclü dövlətlərin faktiki asılılığına keçmiş olur. QH bu baxımdan üçüncü dövlətlər üçün faktiki “sığınacaq və müdafiə platforması”dır.

QH-nın başlıca prinsipləri hələ də aktual olaraq qalmaqdadır. Çoxtərəflilik prinsipindən çıxış edən QH kiçik və üçüncü dövlətlərə separatizm, regional güclər və qəsbkarlıq siyasəti yürüdən irredent ölkələrin ərazi, etnik və dini iddialarına qarşı qorunmaq və müdafiə olunmaq imkanı verir. Digər tərəfdən, QH, BMT və digər beynəlxalq sülh təşkilatlarının ideya və prinsiplərindən çıxış edir və siyasi dəst-xəttində onlara söykənir. Düzdür, QH-nın bir çox məqsədlərinin Soyuq müharibə qurtardıqdan dərhal sonra qüvvədən düşdüyü iddia edilsə də, imperializm və müstəmləçilik anlayışı iqtisadi və siyasi əsarət anlayışları ilə əvəz edilib. Güclü Qərb maraqlarının dominant olduğu bir dünyada zəif dövlətlərin hələ də institusional quruma ehtiyacı var. QH bu baxımdan, üzv dövlətlərə müstəqi mühakimə çıxarmaq, güclü dövlətlərlə münasibətlərdə mötədiliyi qoruyub saxlamaq imkanı verir.

Soyuq müharibənin Üçüncü Dünya Müharibəsinə çevrilməsini əngəlləyən amillərdən biri rolunda məhz Qoşulmama Hərəkatı çıxış edib. Soyuq müharibənin bitməsi və SSRİ-nin süqutu ilə təşkilatın aktuallığı gözlənildiyi kimi zəiflədi. Çünki ABŞ-ın başçılığı altında tək qütbün əlamətləri özünü göstərirdi. Lakin dünya sürətlə dəyişir. XXI əsrin əvvəllərindən başlayaraq, dəqiq bəlli oldu ki, dünya təkqütblü olmayacaq. Beynəlxalq münasibətlər sistemində digər aktorların da təsiri aydın hiss olunmağa başladı. Bununla da Qoşulmama Hərəkatının əhəmiyyəti soyuq müharibə dövründən zəif olmayan şəkildə özünü nümayiş etdirdi”.

Qoşulmama Hərəkatını insani və iqtisadi resurslarına görə kifayət qədər böyük və ciddi bir təşkilatdır. Bu təşkilat çərçivəsində əməkdaşlıq ən müxtəlif hədəflərə xidmət edə bilir.

Belə ki, Qoşulmama Hərəkatı üzv ölkələri qlobal sülhün və təhlükəsizliyin qorunması üçün vacib olan prinsiplər əsasında birləşməni təmin etməklə yanaşı, həm də bu ölkələr arasında digər sahələrdə də əməkdaşlıq və qarşılıqlı anlaşma mühitini daha da yaxşılaşdırır. 120 ölkə təşkilata qoşulmaqla hər şeydən öncə mövqelərini və beynəlxalq münasibətlər sistemində fəaliyyətlərinin prinsiplərini bəyan etmiş oldu. Yəni insan hüquqlarına hörmətlə yanaşmaq, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirəcək hərəkətlərdən çəkinmək və s. kimi prinsipləri dəstəklədiklərini nümayiş etdirirlər.

Soyuq müharibə bitəndən sonra hərəkat özünü yeniləməyə və məqsədlərini hazırkı dünya sisteminə uyğunlaşdırmağa məcbur oldu. Ən vacib sual isə fundamental ideologiyaların, milli suverenlik prinsiplərinin, ərazi bütövlüyü, müstəmləkə siyasəti və imperializmə qarşı mübarizənin müasir məsələlərə tətbiq olunub-olunmayacağı oldu.

Yeni dünyada Qərb hegemoniyası və neo-müstəmləkə siyasətinin istismar etdiyi kasıb xalqların çıxdaş edilməsi Qoşulmama Hərəkatını buna etiraz etməyə vadar etdi.

Qoşulmama Hərəkatı üzvlüyünə tələblər Birləşmiş Millətlər Təşkilatının əsas inanclarına uyğun gəlir:

Təməl insan hüquqlarına hörmət

Bütün xalqların suverenliyi və ərazi bütövlüyünə hörmət

Milli müstəqillik hərəkatının tanınması

Bütün irqlərin və xalqların bərabərliyinin tanınması

Başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən çəkinmək

BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət

Hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən çəkinmək

BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli

Qarşılıqlı maraq və əməkdaşlığın təşviqi

Ədalət və beynəlxalq öhdəliklərə hörmət.

Bu hərəkatda təmsil olunmağın Azərbaycan üçün əhəmiyyəti həm də odur ki, burada müzakirə olunan məsələlər sonradan BMT-yə çıxarılır. Deputat həm də düşünür ki, hazırda Bakıda keçirilən nazirlər konfransında Azərbaycan Qarabağ münaqişəsinə diqqət cəlb etmək imkanı əldə edib.

Bu hərəkatda üzvlük həm də Azərbaycanın öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirməyi planlamadığına dair siqnaldır.

Qoşulmama Hərəkatının Bakı sammiti həm də Azərbaycanın, sadəcə, subregional yox, beynəlxalq miqyasda nüfuzlu ölkələrdən birini göstərdi.

Qarşıda Azərbaycanın təşkilatdakı 3 illik sədarət önəmi var.

Bakı qurumu böhrandan çıxaracaq əsas qüvvəyə çevrilə bilər.

Bu imkanlardan maksimum dərəcədə yararlanmalıyıq.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Atəşkəs bu dəfə də iriçaplı pulemyotlarla pozuldu - 21 dəfə

Be Okt 28 , 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun […]