Qoşulmama Hərəkatına sədrlik Bakıya nə verəcək? – TƏHLİL

Oktyabrın 25-26-da Bakı dünyada ən böyük siyasi toplantılardan birinə ev sahibliyi etdi. Söhbət Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündən gedir.

Bakı Zirvəsinin sonunda Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənədlər qəbul edilib. Bu toplantıda Hərəkata sədrlik qarşıdakı  üç ildə Azərbaycana keçib. Ölkəmiz 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürüb.

Bununla bağlı bağlanış mərasimində çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, Bakıda qəbul edilən sənədlər göstərir ki, Qoşulmama Hərəkatı yenə də qlobal problemlərin həllinə öz töhfəsini verəcək:

“Azərbaycanın da prioritetləri Bandunq prinsipləri olacaq. Əsas məqsədimiz Qoşulmama Hərəkatına inamı artırmaq və bu qurumun rolunu artırmaq olacaq”.

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib. Çünki 120 dövlət və hökumət başçısının dəstəklədiyi sənəddə Azərbaycan ərazilərinin işğalı faktı bir daha təsdiqlənib.

Bundan başqa, Bakı zirvəsi çərçivəsində oktyabrın 24-25-də ilk dəfə olaraq Qoşulmama Hərəkatı Gənclər Sammiti təşkil olunub. Bu, bir mənada yeni təşəbbüsdür və Azərbaycan hökumətinin dünyada, o cümlədən, müsəlman aləmində gənclər sahəsində apardığı 15 illik məqsədyönlü siyasətin davamı və inkişafı kimi qiymətləndirilə bilər.

1955-ci ildə “soyuq müharibə”nin qızğın dövründə Bandunq qurulan “Qoşulmama Hərəkatı” 10 maddədən ibarət “Bandunq prinsipləri” üzərində dayanır. “Bandunq prinsipləri” təşkilatın əsas ana sütunudur və Bakıda da Azərbaycan XİN rəhbəri sədrlik dövründə bu prinsiplərin əsas götürüləcəyini bildirdi.

“Bandunq prinsipləri” üzv ölkələrin:

BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də, əsas insan hüquq və azadlıqlarına hörmət etmək;

Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;

Sayından asılı olmayaraq, bütün irqlərin və xalqların bərabərliyini tanımaq;

Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;

BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;

Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;

Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də, güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;

BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;

Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;

Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi öhdəliklərini müəyyən edir.

Bura qədər, necə deyərlər, işin formal tərəfi. Bəs əslində, bu quruma üzvlük və qarşıdakı üç il ərzində sədrlik Azərbaycana real olaraq nə qazandıracaq və ya qazandıra bilər? Hazırkı dünyada BMT kimi nüfuzlu, real təsir mexanizmi, dünya qüdrətlərinin təmsil olunduğu, hətta yeri gələndə hərbi müdaxilə gücü olan bir təşkilatın əhəmiyyətini itirdiyi, qəbul etdiyi qətnamələrin kağız parçası kimi kənara atıldığı bir əsrdə (Bunu ən azı Azərbaycan ərazilərinin işğalı ilə bağlı dörd qətnamədən bilirik – red.) bloklara qoşulmayan 120 dövlətin üzv olduğu qurum bizə nə verə bilər?

Planetdə BMT-dən sonra ən çox dövlətin təmsil olunduğu bir quruma üç il ərzində sədrlik bizə bir çox şeylər qazandıra bilər. Yeri gəlmişkən, Qoşulmama Hərəkatına (QH) 120 dövlət üzvdür.

Bundan başqa, təşkilatda 17 müşahidəçi ölkə və 10 müşahidəçi beynəlxalq təşkilat vardır.

Belə bir çoxsaylı üzvü olan quruma sədrliyin bir sıra üstünlükləri var. Əlbəttə ki, bunlardan yaxşı formada faydalanmaqla bir sıra qazanclar əldə etmək mümkündür. Bu imkanlardan birincisi, siyasi lobbiçilikdir.

Məlum olduğu kimi, Qoşulmama Hərəkatının daimi orqanı və mənzil qərargahı yoxdur. Lakin təşkilat BMT qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə sədr və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur.

Yəni bu o deməkdir ki, Azərbaycan qarşıdakı üç il ərzində BMT mənzil-qərargahında Qoşulmama Hərəkatı sədri kimi diplomatik təmsilçilik həyata keçirəcək, bu zaman həm üzv dövlətlər, həm də BMT-dəki digər ölkələrlə yaxından iş apara biləcək. Xüsusən də BMT-də və digər beynəlxalq qurumlarda qərarların qəbulunda Azərbaycanın daha ciddi təsir imkanları və lobbi gücü yaranacaq.

İkincisi, ölkəmizin nüfuzu və təsir imkanları artacaq, daha çox tanınacaq. Qoşulmama Hərəkatına sədrlik rotasiya qaydasında olsa da, Azərbaycanın bu quruma üç illik sədrlik dövrü Azərbaycanın üzv ölkələrlə əlaqələrinin daha da dərinləşməsi, bu ölkələrin siyasətinə təsir imkanlarının artması deməkdir.

Başqa sözlə, Azərbaycan ən azı qarşıdakı üç ildə Qoşulmama Hərəkatına üzv ölkələrdə erməni yalanları və saxtakarlıq təbliğatına qarşı effektiv cavab vermək, bu yalanların yayılmasına mane olmaq rıçaqları əldə edəcək. Bu isə uzun illər Azərbaycan və eləcə də, onun müttəfiqi Türkiyə üçün də ciddi bir dəstəkdir.

Azərbaycan yeni müstəqillik qazanmış ölkə kimi beynəlxalq aləmdə, o cümlədən, müsəlman aləmində qəbul olunur, fikirləri ilə hesablaşırlar. Bu mənada, QH sədrliyi rəsmi Bakının beynəlxalq və regional proseslərdə ədalətli vasitəçi, barışdırıcı, donor ölkə olma imkanlarını daha da artıracaq, kiçik Cənubi Qafqaz ölkəsindən regional və beynəlxalq siyasətdə aktiv ölkə mövqeyinə keçirəcək. Bunun üçünsə diplomatiyanın üzərinə daha böyük iş düşəcək.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İrəvan Bakıda məğlub oldu

Be Okt 28 , 2019
Ötən əsrin 90-cı illərinin sonlarında Qoşulmama Hərəkatı “canlı ölü”nü xatırladırdı. Çox siyasətçilər bu qurumun bipolyar dünyanın relikti, qalığı qismində dünyanın siyasi arenasından yox olacağını deyirdilər. “Üçüncü dünya” ölkələrinin dalbadal müstəmləkəçilikdən qurtulduğ bu 1950-1960-cı illərdə dünya xəritəsində onlarla yeni ölkə peyda oldu. İnqilablar və milli-azadlıq hərəkatlarının çılğın dönəmi ilə müqayisədə “ərəb […]