Uzunmüddətli və davamlı inkişafa yönəlik effektiv böhran idarəçiliyi

İstər individual, istərsə də institusional səviyyələrdə hansısa bir yanaşmanı daha dərindən və yaxşı anlaya bilmək üçün onu baş verdiyi konteksə mütəşəkkil şəkildə təhlil etmək tələb olunur. Bu gün dünyanı bürüyərək həyatın bütün istiqamətlərində durğunluğa səbəb olmuş koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması ilə bağlı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüzlərlə qərarlar qəbul edilir və tədbirlər görülür. Bu tədbirlərin səmərəliyin proqnozlaşdırıla bilinməsi üçün onların arxasındakı vizyona nəzər yetirmək lazımdır. Bu məcrada, bu mübarizəyə Azərbaycan Respublikasının hökumətinin yanaşmasını təhlil etmək yetərincə maarifləndirici olardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat deyib: “Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək və iqtisadi sektorlara və sahibkarlara dövlət dəstəyini göstərilməsi üçün yaradılmış İşçi Qrupunun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi doqquz proqram onu göstərir ki, bu gün dövlətimiz iqtisadiyyatda baş verə biləcək bütün mənfi tendensiyalara layiqli cavab vermək üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Hazırlanmış proqramların əsas məqsədi iş yerlərinin azaldılmaması, sahibkarlıq subyektlərində çalışan işçilərin əməkhaqlarının ödənilməsinin təmin edilməsi, mikro və fərdi sahibkarların çəkə biləcəyi zərərin qarşısının alınması, maliyyə və bank sektorunun qorunmasıdır. Nəticə etibarı ilə, həyata keçiriləcək sistemli tədbirlər nəticəsində hazırkı “dondurulma” və post-pandemiya dövründə əhalinin sosial rifahının və həyat səviyyəsinin qorunması təmin ediləcək.

Lakin, burada diqqətəlayiq əsas məqam ondan ibarətdir ki, qlobal səviyyədə baş verən neqativ tendensiyalara baxmayaraq, dövlətimiz özünün əsas, dayanıqlılığa yönəlik sosial-iqtisadi inkişaf modelindən üz döndərmir, əksinə fürsətdən maksimum şəkildə istifadə edərək daha da səmərəliyi artırır. Buna bariz nümunə kimi elə Prezidentin pandemiyadan sonrakı dövr üçün orta və uzunmüddətli inkişafa yönəlik vizyonunu vurğulamaq kifayətdir”.

O bildirib ki, hazırkı vəziyyət bizi daha bir mühüm məsələdə əmin edir – Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında, ölkəmiz davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malikdir. İnkişaf ədəbiyyatında səmərəli idarəçiliyin beş əsas prinsipi vurğulanır. Bunlar cavabdehlik, şəffaflıq, iştirakçılıq, qarşılıqlı məsuliyyət və öhdəçilikdir. Son bir ay ərzində biz sadalanan beş prinsipin hər birisini ölkəmizdə xüsusilə qabarıq şəkildə gördük: “Bunun üçün sadəcə sadalayacağım misallara diqqət yetirmək kifayətdir. Məsələn, operativ şəkildə əhalinin məlumatlılığının təmin edilməsi və dövlətin vaxt itirmədən bütün lazımi tədbirlərə start verməsi – əhali qarşısında cavabdehliyin; Prezidentin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin ianələrinin açıq şəkildə göstərilməsi – şəffaflığın; bu mübarizəyə əhalinin və özəl sektorun qoşulması – iştirakçılığın, müxtəlif tərəflər arasında qarşılıqlı etimadın və məsuliyyətin; iqtisadiyyata və digər sahələrə sistemli dəstək proqramlarının hazırlanması isə hökumətin davamlı inkişafa öhdəçiliyinin bariz nümunəsidir. Xüsusilə, bu vəziyyətdə ən ümidverici aspektlərdən biri, bu prosesdə müxtəlif tərəflərin həmrəylik göstərərək birlikdə çalışmasıdır, bu isə 17-ci Davamlı İnkişaf Məqsədinin əsas çağırışı olan “məqsədlər üçün tərəfdaşlıq” çağırışa ölkəmizin hazırlılığını göstərir.

Lakin, bu da son deyil. Azərbaycanın davamlı inkişafa yönəlik idarəçilik modelinin əsas prinsiplərinə daha ikisini əlavə edə bilərik. Çeviklik, xüsusilə böhran zamanında və əhatəlik, inkişaf terminologiyasına uyğunlaşdırsaq inklüzivlik prinsipi. Buna bariz nümunə kimi Prezidentin birbaşa nəzarəti altında çox qısa zaman ərzində belə sistemli sosial-iqtisadi dəstək proqramının ərsəyə gəlməsi və onda əhalinin bütün həssas qruplarının ehtiyaclarının nəzərə alınmasını vurğulamaq olar.

M.Əfəndiyev qeyd edib ki, beləliklə, bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, hazırkı dövrdən əldə olunmuş nəticələr sayəsində, ölkəmizin davamlılığa yönəlik inkişaf modeli daha da gücləndiriləcək.

asmedia org

Bir cavab yazın

Next Post

Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür

Ca Apr 2 , 2020
Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür. “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun Trend-ə müsahibəsi zamanı deyilib. Həmin müsahibəni təqdim edirik: Şakir müəllim, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirlərinin azaldılması ilə bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilən tədbirləri şərh edə bilərsinizmi? Bu gün bütün dünya çox çətin bir […]